Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr günü qeyd olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr günü qeyd olunub

Tarix: 2014-06-25 00:00:00

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Silahlı Qüvvələr günü qeyd olunub

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirilib. Toplantıda Xidmət rəisi general-leytenant Arzu Rəhimov çıxış edib. Xidmətin əməkdaşlarını Silahlı Qüvvələr günü münasibətilə təbrik edən Arzu Rəhimov Azərbaycan ordusunun ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra inkişaf yoluna qədəm qoyduğunu vurğulayıb: “Ümummilli lider Heydər Əliyev müstəqillik dövründə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda vahid komandanlıq altında ordu quruculuğu prosesinə başlanıldı və qısa müddət ərzində nizami ordu yaradıldı”. Arzu Rəhimov qeyd edib ki, hələ ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına hərbi litseyi yaratmaqla ulu öndər Azərbaycanın bugünkü müstəqilliyini düşünürdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən siyasətin Silahlı Qüvvələrin inkişafına xidmət etdiyini deyən general-leytenant Arzu Rəhimov ölkədə bütün sahələrdə inkişafın ordu quruculuğuna da öz təsirini göstərdiyini vurğulayıb: “Təsadüfi deyil ki, Azərbaycan ordusu regionda ən güclü ordu hesab olunur. Azərbaycan Silahlı Qüvvələri işğal altında olan əraziləri Ali Baş Komandanın əmri ilə istənilən an azad etməyə tam hazırdır”.

Daha sonra Xidmət rəisi qurumun fəaliyyətindən söz açaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısında çox ciddi tapşırıqlar qoyulduğunu vurğulayıb. Arzu Rəhimov ötən müddətdə Xidmətin ciddi uğurlara nail olduğunu, amma bu nailiyyətlərlə kifayətlənmədiyini qeyd edib. Xidmət rəisi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göstərilən diqqətə görə şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Çıxışdan sonra Xidmətin şəxsi heyətinin rəğbətləndirilməsinə dair əmrlər oxunub.

Ağstafa