Çağırışaqədərki hazırlıq rəhbərləri ilə “Möhtəşəm Zəfər” mövzusunda görüş keçirilib

Çağırışaqədərki hazırlıq rəhbərləri ilə “Möhtəşəm Zəfər” mövzusunda görüş keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birlikdə “Möhtəşəm Zəfər” mövzusunda təşkil edilmiş növbəti onlayn müzakirə Sabunçu və Suraxanı rayon təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərlərinin iştirakı…
Tarix: 2021-10-25 17:15:48

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birlikdə “Möhtəşəm Zəfər” mövzusunda təşkil edilmiş növbəti onlayn müzakirə Sabunçu və Suraxanı rayon təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərlərinin iştirakı ilə keçirilib. SHXÇDX-nin idarə rəisi mayor Füzuli İsmayılov keçirilən tədbir barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrildi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsi nəzdində Təlimə Dəstək Mərkəzinin gənclərin çağırışaqədərki hazırlığı üzrə metodisti Mürsəl Qurbanov Vətən Müharibəsi zamanı çağırışaqədərki hazırlıq rəhbərlərinin xidmətlərindən bəhs edib. Çağırışaqədərki hazırlıq rəhbərlərinin gənclərdə orduda xidmətin müqəddəs borc və şərəf işi olmasına inam yaradaraq, vətənpərvərlik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətləri inkişaf etdirdiyini vurğulayıb. SHXÇDX-nin Sabunçu və Suraxanı rayon idarələrinin rəislərinin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, “Çağırışaqədərki hazırlıq” fənni gənclərin həyatında mühüm rol oynayır. Bu fənn öz məzmunu etibarı ilə şagirdləri Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatlandırır, hərbi nizamnamə qaydalarını mənimsədir, ordu həyatı ilə tanış edir, hərbi xidmətə fiziki və mənəvi-psixoloji cəhətdən hazırlayır. Vətən müharibəsinin iştirakçısı, 2-ci qrup müharibə əlili Qədir Daşdəmirov iştirakçılara döyüş əməliyyatlarından xatirələrini danışıb, Azərbaycan əsgərinin hər an Vətənin keşiyində durmağa hazır olduğunu ifadə edib. Digər çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində keçdiyi şərəfli yolun gənc nəslə çatdırılması istiqamətində görülən işlərə toxunublar. Diskussiya şəraitində keçən tədbirin sonunda suallar cavablandırılıb.

Ağstafa