Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəhid jurnalistlərin ailələri ziyarət olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəhid jurnalistlərin ailələri ziyarət olunub

Tarix: 2022-07-22 17:38:15

İyulun 22-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən şəhid jurnalistlərin ailələri ziyarət olunub.

SHXÇDX-nin nümayəndələri Milli Mətbuat günündə şəhid jurnalistlərin ailələrinə baş çəkiblər. Görüşlərdə Vətən uğrunda həlak olmuş qəhrəman oğul və qızlarımızın xatirələri ehtiramla anılıb. Bildirilib ki, peşə bayramlarını qürur və sevinclə qeyd edən media mənsubları Ermənistanın Azərbaycana təcavüzünün başlanmasından bu günə qədər həm cəbhə xəttində jurnalist kimi peşə borclarını şərəflə yerinə yetirib, eyni zamanda, ön cəbhədə döyüşçü kimi igidlik və şücaət nümayiş etdiriblər.

Qeyd edilib ki, şəhidlik zirvəsinə yüksəlmələri ilə tarix yazan qəhrəmanlarımızın, o cümlədən qələm sahiblərinin ruhları şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbəyə imza atan Silahlı Qüvvələrimiz xalqımızı öz arzusuna çatdırıb, otuz il düşmən işğalında olan torpaqlarımız azad edilib.

 Xalqımız vətənimizin ərazi bütövlüyü uğrunda müharibədə qazanılan Qələbədə payı olan əbədiyyətə qovuşmuş media nümayəndələrini qürurla yad edəcək, daim xatırlayacaqdır.

Ağstafa