“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialının inzibati binasının əsaslı təmirdən sonra açılışı olub
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Sabunçu rayon filialının inzibati binasının əsaslı təmir və yenidənqurma işlərindən sonra açılışı olub. Açılış mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov və digər qonaqlar iştirak ediblər.
Arzu Rəhimov binanın foyesində qoyulmuş ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramı əks etdirən guşə ilə tanış olub. Daha sonra filialın təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxıb. Görülən işlərlə bağlı məlumat verən Cəmiyyətin sədri Şahvələd Əliyev bildirib ki, ikimərtəbəli tədris filialının girişi yenidən qurulub, sinif və yardımçı otaqlar, atıcılıq tiri, idman və iclas zalları, dəhlizlər tam təmir edilib, əvvəlki dam örtüyü təzələnmiş, pilləkən və tutacaqlar yenilənib. Ərazi abadlaşdırılıb, yeni yaşıllıq zolaqları salınıb, filialın bütün inzibati ərazisinə asfalt örtüyü döşənib, bütün sanitariya qovşaqları, elektrik və kommunikasiya xətləri dəyişdirilib. Şahvələd Əliyev qeyd edib ki, filialda təhsil alacaq müdavimlərin daha mükəmməl hazırlığı məqsədi ilə bütün sinif otaqları əyani vəsaitlərlərlə, stend və plakatlarla təchiz edilib, sürmə təlimi üçün Rusiya Federasiyasından iki ədəd təlim trenajoru alınıb, yeni laboratoriya, kompüter və trenajor sinifləri yaradılıb.
General-leytenant Arzu Rəhimov binada yaradılan şəraitlə tanış olduqdan sonra çağırışçıların müxtəlif ixtisaslar üzrə hazırlanması şəraitinin yaxşılaşdırılması üçün öz tövsiyələrini verib. Məktəbin yenidənqurmadan sonra açılışını ordu quruculuğu istiqamətində növbəti addım adlandıran A.Rəhimov hazırda digər filialların və məktəblərin təkmilləşdirilməsi istiqamətində işlər aparıldığını vurğulayıb.