Mayın 5-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Muzeylə tanışlıq zamanı məlumat verilib ki, 1999-cu il 10 may tarixdən fəaliyyət göstərən bu mədəniyyət müəssisəsi Ulu Öndərin sağlığında yaradılan ilk muzeydir və hazırda muzeyin fondunda 5 mindən çox eksponat mühafizə olunaraq ziyarətçilərə təqdim olunur. Buradakı eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, Ulu Öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Bildirilib ki, dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada Ulu Öndərimizin uşaqlıq və gənclik dövrləri, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrünun dolğun materialları da ziyarətçilərə təqdim olunur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elmar Tağıyev açaraq dünya şöhrətli siyasətçinin tarixdəki rolu, eləcə də vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri barədə danışıb. Bildirilib ki, Ümummilli Liderimizin böyük fədakarlıqları hesabına bu gün Azərbaycanın müstəqilliyinin əbədiliyi, daimiliyi, dönməzliyi təmin edilib. Ulu Öndərin Azərbaycanın sosial-iqtisadi, siyasi, hərbi və mədəni yüksəlişi üçün həyata keçirdiyi tədbirlər, milli şüurun oyanışı istiqamətində gördüyü böyük işlər olmasaydı, biz bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışa bilməzdik deyə vurğulanıb. Qeyd olunub ki, Ulu Öndərin əsasını qoyduğu tərəqqi yolu dövlət başçısının rəhbərliyi ilə uğurla inkişaf etdirilir, dövlətimiz gündən-günə iqtisadi, siyasi və hərbi cəhətdən daha da möhkəmlənir. Dahi rəhbərin əsasını qoyduğu ordu quruculuğu işlərinin layiqincə davam etdirilməsi nəticəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirdi, doğma torpaqlarımızın erməni işğalından azad edilməsinə nail oldu.
Tədbir əbədiyaşar Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başa çatıb.