Binəqədi rayonunda ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilib

Binəqədi rayonunda ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilib

Tarix: 2014-10-15 00:00:00

Binəqədi rayonunda ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilib

 

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən tərxis olunaraq ehtiyata keçirilmiş bir qrup hərbi vəzifəli ilə növbəti görüş oktyabrın 15-də Binəqədi rayonunda keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Binəqədi Rayon İcra Hakimiyyətinin və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbiri Xidmətin Binəqədi Rayon İdarəsinin rəisi Mehman Qurbanov açaraq vətən qarşısında borclarını yerinə yetirən gəncləri təbrik edib. Mehman Qurbanov bu tədbirləri keçirməkdə bir məqsədin də ordu sıralarından tərxis olunan gənclərin hərbi xidmətdən sonrakı fəaliyyətini diqqətə gətirmək olduğunu deyib. Ölkə rəhbərliyinin həyata keçirdiyi gənclər siyasətinin hər bir Azərbaycan gənci üçün geniş imkanlar yaratdığını bildirən Mehman Qurbanov toplantıda iştirak edən gənclərin də bu imkanlardan faydalanacağına ümidvar olduğunu vurğulayıb.   

Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqətdən söz açaraq, vətənə xidmətin ordu sıralarından qayıtdıqdan sonra da davam etdiyini bildirib. O, müasir Azərbaycanın hər bir peşədə ləyaqətlə xidmət edən gənclər ordusuna ehtiyacı olduğunu vurğulayıb.

Aygün Əliyeva hərbi xidmətdən tərxis olunanların bir qisminin əmək yarmarkasında iştirak etdiyini və özlərinə aid istiqamətləri müəyyənləşdirdiklərini qeyd edib.  

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Rövşən Əlvəndov tərxis olunanların indi ehtiyatda xidmətə başladıqlarını deyərək, onların Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olmalarının vacibliyini vurğulayıb.  

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, rayon gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov, İB-nin sədri Emin Həsənli və digərləri çıxışlarında gənclərə dövlət qayğısından söz açıblar.

Tərxis olunmuş gənclər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonda gənclərə hərbi biletlər təqdim edilib.

Agstafa