SHXÇDX-nin Bakı şəhər Nizami Rayon İdarəsinin yeni inzibati binasının açılışı olub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami Rayon İdarəsinin yeni inzibati binasının açılışı olub. Mərasimdə Xidmət rəisi, general-leytenant Arzu Rəhimov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən general-leytenant Arzu Rəhimov bildirib ki, SHXÇDX fəaliyyət göstərdiyi 3 il ərzində səfərbərlik və çağırış resurslarının tənzimlənməsi, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində əhəmiyyətli işlər görülüb. Ötən müddətdə vətəndaşlara daha yüksək xidmət göstərilməsi məqsədilə maddi-texniki təminat, əməkdaşların iş şəraiti yaxşılaşdırılıb.
Arzu Rəhimov qeyd edib ki, indiyədək Xidmətin Sumqayıt, Ağsu, Qazax rayon idarə və şöbələrinin inzibati binaları müasir tələblərə uyğun olaraq istifadəyə verilib. Hazırda 10 yerli idarə, şöbə və bölmənin yeni inzibati binalarının inşası davam etdirilir. Bununla yanaşı, Xidmətin yeni inzibati binasının, Mərkəzi Çağırış Məntəqəsi Kompleksinin inşası aparılır.
Bildirilib ki, Nizami Rayon İdarəsinin yeni binasının tikintisinə 2012-ci ilin dekabr ayında başlanılıb. 3 mərtəbədən, 32 xidməti otaqdan ibarət binanın ümumi sahəsi 1100 kvadratmetrdir. Bina müasir standartlara və xidmətin tələblərinə uyğun inşa olunub, otaqlar şəxsi heyətin xidməti iş fəaliyyətinin yüksəldilməsi məqsədilə zəruri avadanlıqla tam təchiz edilib.
Daha sonra Arzu Rəhimov və Tahir Budaqov binada yaradılan şəraitlə tanış olublar.