Masallıda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

Masallıda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

Tarix: 2015-03-06 00:00:00

Masallıda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

 

Martın 6-da Masallı rayonunda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə Masallı rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Vətənin müdafiəsinə hazıram!” mövzusunda kütləvi tədbir keçirilib. Tədbirdə SHXÇDX-nin Masallı, Astara, Lənkəran, Yardımlı və Lerik şəhər və rayon şöbələrinin şəxsi heyəti, rayon icra hakimiyyətlərinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları, məktəblilər iştirak edib.

Xidmət tərəfindən həyata keçirilən silsilə tədbirlərin gənclərin milli ruhunun yüksəldilməsində, vətənpərvərlik hissinin təbliğində böyük rol oynadığı qeyd edildiyi tədbirdə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov  “Vətənin müdafiəsinə hazıram!” tədbirinin artıq ənənə halını aldığını diqqətə çatdırdı: “Torpaqlarımızın işğalda olduğu bir vaxtda bu sözü deməyə ehtiyac yoxdur. Biz hamımız vətənin müdafiəsinə hazır olmalıyıq. Bu, böyükdən kiçiyə qədər hər bir vətən övladının borcudur. Bu gün Azərbaycan ordusu çox qüdrətlidir. Torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi altında tezliklə düşməndən azad olunacaq!”

SHXÇDX rəisinin I müavini, general-mayor Zaur Abdullayev çıxış edərək tədbiri dəstəklədiklərinə görə rayon rəhbərliyinə təşəkkürünü bildirdi: “Xidmət gənclərin vətənpərvərlik hissinin tərbiyəsi və səfərbərliyə hazırlığı istiqamətində Ali Baş Komandan tərəfindən verilən tapşırığı yerinə yetirir.  Vətənpərvərlik hissinin yüksəldilməsi üçün silsilə tədbirlər respublikanın rayonlarında davam etdirilir. Vətən uğrunda canlarını fəda edən oğullar heç vaxt yaddan çıxarılmır. Bu gün ordu sıralarına göndərilən gənclər bizim mütəxəssis hazırlığı məktəblərinə cəlb olunurlar. Artıq onlar orduya gedəndə hazırlıqlı olurlar. Bu da vətənpərvərlik hissinin formalaşmasının mühüm bir hissəsidir. Ali Baş Komandanın dediyi kimi, vətənimizi sözdə yox, işdə qorumağa hazırıq. Hər bir şəhid  bizim övladımızdır. Dövlət onların ailələrinə diqqəti əsirgəmir”.

Təhsil nazirinin müşaviri Ağababa İbrahimov çıxışında Xidmətin gənclərin vətənpərvərliyi istiqamətində gördüyü işləri dəyərləndirdi: “Hərbi vətənpərvərlik mövzusu bütün dünyada dövlətin diqqətində olan məslələrdəndir. Hər bir Azərbaycan vətəndaşı bu torpağa məhəbbətlə yanaşmalıdır. Azərbaycan torpağı müqəddəs torpaqdır”. Nazirlik rəsmisi çıxışında gənclərə səsləndi: “Oxuyun. Nə qədər bilikli olsanız, o qədər qüvvətli olarsınız. Valideynlərinizə, müəllilmlərinizə sayğı göstərin. Qoy müəllimlər də vətəni uşaqlara sevdirməyi bacarsınlar”.

Daha sonra general-mayor Zaur Abdullayev tədbirin təşkilatçılığında göstərdiyi dəstəyə görə Masallı, Astara, Lənkəran, Lerik, Yardımlı rayon və şəhər İcra Hakimiyyətlərinə SHXÇDX adından xatirə plaketləri təqdim etdi.

Tədbirdə şəhid, Milli Qəhrəman ailələri, çağırışaqədərki hazırlıq rəhbərləri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırıldılar.

Tədbirin bədii hissəsində Şəmistan Əlizamanlı vətənpərvərlik mahnıları ilə çıxış etdi. 

Agstafa