Şəkidə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

Şəkidə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

Tarix: 2015-04-29 00:00:00

Şəkidə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 29-da Şəki şəhərində “Vətənin müdafiəsinə hazıram!” mövzusunda kütləvi tədbir keçirilib.

“Yay teatrı”nda keçirilən kütləvi tədbirdə Şəki şəhərinin, Oğuz və Qax rayonlarının icra hakimiyyətlərinin nümayəndələri, Dövlət Xidmətinin rayon şöbə və bölmələrinin, bu rayonlarda yerləşən hərbi hissələrin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, həmçinin şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları iştirak ediblər.

Tədbiri Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev çıxışında bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da mühüm nailiyyətlər əldə olunub. Hazırda Milli Ordumuz peşəkar, yüksək nizam-intizamlı zabit korpusuna malik, müasir döyüş texnikası ilə təchiz edilən, qarşıya qoyulan vəzifələri yerinə yetirməyə qadir olan silahlı qüvvələr səviyyəsinə yüksəlib.

Qeyd olunub ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldığı gündən vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm işlər görür. Xidmət tərəfindən ötən ildən başlayaraq regionlarda “Vətənin müdafiəsinə hazıram!” adlı hərbi-vətənpərvərlik mövzusunda silsilə tədbirlər həyata keçirilir. Bu tədbirlər gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, çağırışaqədərki hazırlığın keyfiyyətini daha da yaxşılaşdırmaq, gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etmək, onlarda müstəqil dövlətimizə sədaqət hissini möhkəmləndirmək məqsədi daşıyır.

Şəhid atası Oruc Salamov, Qarabağ müharibəsi veteranı Şahmar Bayramov çıxış edərək gənclərə Vətənimizin sərhədləri keşiyində ayıq-sayıq dayanmağı, işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsi üçün hər an hazır olmağı tövsiyə ediblər.

Tədbirdə şəhid, Milli Qəhrəman ailələri, çağırışaqədərki hazırlıq rəhbərləri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagirdlər, müddətli həqiqi hərbi xidmətdə  olan hərbi qulluqçular mükafatlandırılıblar.

Tədbirin bədii hissəsində Şəki musiqi kollecinin kollektivi, Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış edib.

Agstafa