SHXÇDX-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olunub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov tədbiri açaraq, müstəqil Azərbaycan dövlətinin qurucusu, milli həmrəyliyimizin və azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən danışıb. Arzu Rəhimov bildirib ki, ulu öndər Heydər Əliyev fəaliyyət göstərdiyi bütün dövrlərdə xalqın, dövlətin, cəmiyyətin mənafeyinə xidmət edib, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mühüm işlər görüb: “ Ulu öndər Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Məlumdur ki, əsas təyinatı müstəqilliyimizi, dövlətçiliyimizi, torpaqlarımızı və xalqımızın təhlükəsizliyini qorumaq olan ordunun qurulması bir çox faktorla bağlıdır. Uğurlu xarici siyasət strategiyasına, uğurlu iqtisadi inkişafa nail olmaq, xalqın milli-mənəvi birliyinin özəyini təşkil edən milli ideologiyanın yaradılması bu faktorların əsasını təşkil edir. Balanslaşdırılmış xarici siyasət, sabit və davamlı iqtisadiyyat, yüksək mənəvi birlik – məhz bu üç amil güclü ordunun yaradılmasının kökündə dayanan və həlli üçün güclü iradə, bilik tələb edən məsələlərdir”.
Xidmət rəisi qeyd edib ki, ulu öndər tərəfindən başlanan bu inkişaf strategiyasının Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Silahlı Qüvvələrimizin gündən-günə möhkəmlənməsinə xidmət edir.
Daha sonra tədbir “Vətənə, xalqa həsr edilən ömür” filminin nümayişi ilə davam etdirilib.